Rusiya və Azərbaycan ekologiya sahəsində işçi qrupu yaradacaq - rusiyalı vitse-spiker
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev ilə görüşüb. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, görüş zamanı tərəflər Rusiya və Azərbaycan arasında münasibətlərin bu gün strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində ardıcıl inkişaf etdiyini vurğulayıblar.
Bildirilib ki, Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşması probleminə və onun bioloji resurslarının qorunmasına xüsusi diqqət yetirərək ekologiya sahəsində əməkdaşlıq üçün işçi qrupu yaratmaq niyyətindədir. Qeyd edilib ki, bu münasibətlər qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanır və əməkdaşlığın əsas prioritetləri 2022-ci il fevralın 22-də Moskvada imzalanmış "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"də öz əksini tapıb. Bundan əlavə, dövlətlərarası təmasların bütün səviyyələrdə çox intensiv olduğu vurğulanıb. Səfirimiz cari ildə 50-dən çox qarşılıqlı ali və yüksək səviyyəli səfərlərin həyata keçirildiyini qeyd edib.
Mətləb Salahov