"İqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir"
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində keçirilən tədbirlərdə iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, nazir sessiya və panel iclaslarında çıxış edib. Çıxışlarında Bakıda uğurla keçirilmiş COP29 konfransı və əldə edilmiş nəticələr, eləcə də ölkəmizin üzləşdiyi torpaqların deqradasiyası, səhralaşma, quraqlıq, su qıtlığı kimi problemlər və onların həlli istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
Nazir qeyd edib ki, planetimizin quru ərazisinin təxminən üçdə birində özünü göstərən və milyardlarla insanın həyat şəraitinə mənfi təsir edən torpaqların deqradasiyası problemi, eləcə də biomüxtəlifliklə və iqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir.
Mətləb Salahov