Yataqxanada yaşamaq istəyən tələbələrə xoş xəbər - özəl sektordan dəstək...
Rizvan Fikrətoğlu: “Yataqxanalar özəl sektorun ixtiyarına buraxılmalıdır”
Ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi planlaşdırılır. Bununla bağlı xüsusi layihə hazırlanıb. Layihənin icrası tələbələrin əsas problemlərindən birinin həllinə kömək edə bilər.
Qeyd edək ki, tələbələri hər zaman düşündürən məqamlardan biri də yataqxana məsələsidir. Bu problem tələbələrin həyatındakı çətinliklərlə yanaşı, kirayə mənzil bazarına da təsir göstərir. Danılmaz faktdır ki, yataqxanasızlıq şəraitində mənzillərə tələbat çox olduğu üçün qiymətlər də “əl yandırır”. Tələbələr hər il yay aylarından ev axtarışına çıxır, uyğun mənzil tapmaq isə şans məsələsidir.
Məlumat üçün vurğulayaq ki, bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov yataqxana problemi ilə bağlı ümidverici açıqlama verib. O bildirib ki, ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanılıb. Fond rəhbəri düşünür ki, işin həcmi çox böyükdür və dövlət bunun öhdəsindən tək gələ bilməz. Ona görə də, bu sahəyə özəl sərmayə cəlb edilməlidir. Ümumi bir sənəd hazırlanacaq, investorlar istəklərinə uyğun olaraq seçdikləri universitetlərə bu sahə üzrə investisiya yatıra biləcəklər. Bəs bu layihə yataqxana problemini həll edəcəkmi?
“Özəl sektor tələbə yataqxanası tikə bilər, bu fond tələbə ilə müqavilə imzalayıb müvafiq ödənişin ödənilməsində kömək göstərə bilər”
Təhsil eskperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyanın əksər ölkələrində tələbə yataqxanası dövlət tərəfindən təmir olunmur. Bu işə özəl sektor cəlb olunur: “Əslində bu tip işlərə özəl sektorun cəlb olunması daha münasibdir. Belə olduğu halda, təmir-tikinti ilə məşğul olan şirkətlər, sahibkar üçün də faydalı olacaq. Bununla yanaşı, tələbələr və universitetlər üçün də səmərə verəcək. Yataqxanalar özəl sektorun ixtiyarına buraxılmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, universitetlər və sahibkarlar məlum məsələ ilə bağlı maraqlı olarsa, tələbələrin yataqxana problemi həll olunar: “Təhsil Tələbə Krediti Fondu kredit ayıraraq, ödənişli ixtisaslara qəbul olanların təhsil haqlarını müəyyən şərtlər çərçivəsində ödəyir. Daha sonra həmin məbləğ çox kiçik faizlə geri qaytarılır. Tələbərin kirayə evlə təmini məsələsini də Təhsil Tələbə Krediti Fondu həll edə bilər. Özəl sektor tələbə yataqxanası tikə bilər, bu fond tələbə ilə müqavilə imzalayıb müvafiq ödənişin ödənilməsində kömək göstərə bilər”.
Günel CƏLİLOVA