Ukraynanın itirdiyi torpaqları geri almaq üçün kifayət qədər gücü yoxdur - Zelenskidən etiraf...
Prezident Zelenski etiraf edib ki, Ukraynanın Rusiyanın ələ keçirdiyi torpaqlarını geri almaq üçün kifayət qədər qüvvəsi yoxdur.
"Ordumuzun buna gücü çatmır, bu bir reallıqdır" deyən Zelenski "Kyodo News"a müsahibəsində, diplomatik həll yollarının axtarılmasının vacibliyini vurğulayıb. Ancaq Zelenski bəyan edib ki, Kiyev bu addımları yalnız “kifayət qədər güclü olduğuna əmin olduqdan sonra” nəzərdən keçirəcək.
Zelenski həmçinin NATO-ya çağırış edib və bildirib ki, Ukrayna mümkün qədər tez üzvlük danışıqlarına dəvət edilməlidir.
Zelenski başqa bir müsahibəsində isə bildirib ki, ərazisinin bir hissəsi Rusiyanın nəzarətində olduğu müddətcə ölkəsi NATO-ya üzv olmaq dəvətini qəbul etməyəcək. O, Krımın və digər dörd bölgənin Rusiyaya birləşdirilməsini heç vaxt tanımayacaqlarını vurğulayıb və bu torpaqların diplomatik yollarla “mütləq geri dönəcəyini” bildirib.
NATO üzvlüyünü Ukraynanın təhlükəsizliyi üçün ən yaxşı təminat kimi xarakterizə edən Zelenski, ölkəsinin yalnız tam ərazi bütövlüyü ilə dəvət ala biləcəyini bildirib. O, əlavə edib ki, ölkənin yalnız bir hissəsinin NATO-ya qəbul edilməsinin digər regionların Ukraynaya aid olmaması anlamına gələcək və bu vəziyyət Kiyev üçün qəbuledilməzdir.
TAHİR