Bakıda 5 nömrəli marşrutun sürücü sərnişinləri avtobusda qoyub getdi - araşdırma başladı...
Sosial şəbəkələrdə "BakuBus" MMC-nin istismarında olan 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün avtobusu tərk edərək, sərnişinləri yolda saxlaması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı "BakuBus" MMC-dən bildirilib ki, hadisə saat 23:58-də 5 nömrəli xətt üzrə hərəkət edən 99 JO 118 dövlət qeydiyyat nömrəli avtobusda qeydə alınıb.
"Sürücünün dediyinə görə, özünü pis etdiyindən avtobusu saxlayaraq, sərnişinlərə məlumat verib və avtobusu tərk edib. Lakin bu barədə dispetçer mərkəzinə məlumat verməməklə həm daxili prosedur qaydalarının kobud pozuntusuna yol verib, həm də sərnişinlərin ünvanlarına çatdırılması üçün operativ addımların atılması imkanlarını məhdudlaşdırıb.
15 dəqiqədən sonra avtobusa qayıdan sürücü xətt üzrə hərəkətini davam etdirib. Hazırda "BakuBus"da sürücünün hərəkəti üzrə daxili araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - qurumdan bildirilib.