"Effektiv iqlim tədbirləri dünyada yerdəyişməni 80 faiz azalda bilər" - BMqT
Beynəlxalq Miqrasiya Təşkilatının Dünya Miqrasiya Hesabatına əsasən, 280 milyondan çox insan doğulduğu yerdən kənarda yaşayır.
Bu sözləri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini xanım Uqoçi Daniels BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən yüksəksəviyyəli panel iclasda deyib.
Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər 71 milyondan çox insan öz ölkəsi daxilində miqrasiyaya məruz qalıb və bunun 20 milyondan çoxu fəlakətlər səbəbindən baş verib.
“İqlim dəyişikliyinə görə bu göstəricilər daha da pisləşəcək. Proqnozlara əsasən, 2050-ci ilədək 260 milyondan çox insan öz ölkəsi daxilində yerdəyişməyə məruz qalacaq. Bilirik ki, effektiv iqlim tədbirləri bu rəqəmi 80 faiz azalda bilər. Buna görə miqrasiyanı uyğunlaşdırılmış həll yoluna çevirməyin yollarını düşünməliyik”, - deyə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi əlavə edib.
ZÜMRÜD