Putin qərarını verdi - prezident seçkilərində iştirak edəcək...
Putin Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bunu jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları deyib.
Qeyd edilib ki, Rusiya prezidenti "Rusiya Qəhrəmanları" mükafatlandırma mərasiminin iştirakçıları ilə söhbəti zamanı 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb.
Putin rəsmi mərasimin sonunda mükafatçılar və qonaqlarla söhbət edib. Qonaqlar prezidentdən seçkilərdə iştirak etməsini xahiş edib. Putin də bu xahişə razılıq verib.
Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.
Vladimir Putin dörd dəfə - 2000, 2004, 2012 və 2018-ci illərdə Rusiya prezidenti vəzifəsinə seçilib. Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək yeni prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib.
O, indi beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür və seçkilərdə qalib gəlsə, daha altı il - 2030-cu ilədək dövlət başçısı postunu tutacaq.
TAHİR