Bakıda səhhətində problem yaranan FIA prezidenti tibbi yardıma görə Azərbaycana təşəkkür etdi
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Sulayem Heydər Əliyev Mərkəzində keçirilən FIA Baş Assambleyasının yekun iclasında səmimi çıxışı ilə diqqət çəkib.
Trend xəbər verir ki, FIA prezidenti Bakıda qaldığı hoteldə otaqda yıxıldığını və səhhətində yaranmış durumla bağlı FIA-nın son toplantılarına qatıla bilmədiyini deyib.
“Səhhətimdə gözlənilməz halla bağlı Bakıda mənə göstərilən təcili tibbi dəstəyə görə Azərbaycan Avtomobil Federasiyasının komandasına və federasiyanın prezidenti Anar Ələkbərova təşəkkürümü çatdırmaq istəyirəm. Komandanın dəstəyi nəticəsində dərhal xəstəxanaya yerləşdirildim və hər bir məqam həkimlərin, AAF komandasının tam nəzarətinə götürüldü”.
Qeyd edək ki, FIA prezidenti yerləşdirildiyi xəstəxanadan artıq ötən gün gecə buraxılıb və bu gün səhərdən FIA Baş Assambleyasının iclaslarında iştirak edir.