“Fəaliyyətdə birlik: Karib adalarında ədalətli və davamlı inkişaf üçün nəsillərarası səslər” adlı sessiya keçirildi
Noyabrın 11-də COP29 konfransı çərçivəsində “Fəaliyyətdə birlik: Karib adalarında ədalətli və davamlı inkişaf üçün nəsillərarası səslər” adlı sessiya keçirilib.
Sessiyada iqlim fəalları ənənəvi biliklərin innovativ yanaşmalarla birgə tətbiqinin inkişaf etməkdə olan kiçik ada dövlətlərində (SIDS) davamlı və ədalətli iqlim fəaliyyətinə necə təkan verə biləcəyi ilə bağlı fikirlərini bölüşüblər.
Sessiyada nəsillərarası iqlim fəaliyyəti üçün modellər, tərəfdaşlığın təşviqi, iqlim həllərini idarə etmək üçün gənclərin səlahiyyətlərinin artırılması və sair məsələlər müzakirə edilib.
“Caribbean Climate-Smart Accelerator”un (CCSA) Maliyyə İnnovasiyaları direktoru Cheryl Senhouse iqlim ədalətinə nail olmaq üçün nəsillərarası əməkdaşlıqdan bəhs edib. O, CCSA-nın gənclərin və yaşlıların rəhbərlik etdikləri iqlim təşəbbüslərini dəstəkləməsi və iqlim fəaliyyətini gücləndirmək üçün nəsillərarası tərəfdaşlığı təşviq etməsi barədə fikirlərini bölüşüb.
Sessiyada digər çıxış edənlər nəsillərarası tərəfdaşlığın həm təcrübə, həm də enerjiyə əsaslandığını, bu səbəbdən də iqlim dəyişikliklərinə qarşı mübarizədə daha güclü təsir yarada biləcəyini vurğulayıblar. Maliyyə innovasiyalarının iqlim fəaliyyətinə necə kömək edə biləcəyi vurğulanıb və gənc nəslin bu sahədə iştirakının önəmi qeyd olunub.
Həmçinin iştirakçılar kiçik ada dövlətlərində iqlim fəaliyyətinin çətinlikləri və imkanları barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, bu dövlətlərin unikal coğrafi və sosial-iqtisadi şəraiti iqlimə həssaslığı artırır. Buna görə də nəsillərarası bilik və təcrübə paylaşımı vacib hesab edilir.
ZÜMRÜD