Azərbaycan 3 güclü dövlətin yanlışlığını belə sübut etdi...
Yadigar Məmmədli: “Keçmiş həmsədrlər Qarabağ məsələsinin ədalətli həllini istəmirdilər”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda dedi ki, Minsk Qrupunun həmsədrləri münaqişənin hərbi həllinin olmaması ilə bağlı vahid mövqe sərgləyirdilər və biz onları yanıltdıq:
“Uzun illər danışıqlar və işğal zamanı mən Minsk Qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var”.
“Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində bizi təslimçi sülhə məcbur edə bilmədilər”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən media eksperti Yadigar Məmmədli hesab edir ki, keçmiş həmsədrlər Qarabağ məsələsinin ədalətli həllini istəmirdilər: “Ona görə də bizə qarşı vahid mövqedən çıxış edirdilər. Bu baxımdan cənab Prezidentin toxunduğu məsələlər reallığı əks etdirir. Məsələ ondadır ki, Minsk Qrupu yarandığı gündən ədalətli mövqe sərgiləmirdi. Ötən müddət ərzində qurum bu istiqamətdə əməli iş görmədi. Çoxsaylı səfərlər təşkil edilsə də nəticəsiz qaldı. Həmsədrlər faktiki olaraq uzun illər münaqişəni dondurmaqla məşğul oldu. Ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olsa da, bir dəfə olsun Ermənistana çağırış etmədilər. Hər vasitə ilə Azərbaycanın BMT nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq güc yolu ilə ərazilərini azad etməsinə mane olmağa cəhd edirdilər. Hesab edirdilər ki, Azərbaycan əvvəl-axır işğal amili ilə barışmağa məcbur olacaq. O üzdən, bütün vasitələrlə münaqişənin sülh yolu ilə həll edilməsi prinsipindən çıxış edirdilər. Ancaq hamıya bəlli idi ki, Ermənistan danışıqlar yolu ilə kompromislərə getməyəcək. Azərbaycanı bu və ya digər dərəcədə güzəştə getməyə məcbur etmək istəyirdilər. Ancaq Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində bizi təslimçi sülhə məcbur edə bilmədilər. Ali Baş Komandanın sərkərdəliyi sayəsində Vətən müharibəsində ərazilərimiz işğaldan azad edildi. Azərbaycan öz gücü hesabına BMT qətnamələrini icra etdi. Bütün dünyaya sübut etdi ki, münaqişənin güc yolu ilə həlli mümkündür”.
Vidadi ORDAHALLI