Yunus Oğuz “AzerGold” QSC-nin təşəbbüsünə qoşuldu
Yazıçı-publisist Yunus Oğuz AzerGoldun təşəbbüsü ilə Daşkəsənin Quşçu kəndində açılan "Pulsuz oxu" kitab köşkünə öz tarixi romanlarını hədiyyə edib. Qeyd edək ki, "AzerGold" QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırılıb.
Cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi "Kitab sovqatı", "Uşaq kitab dostu" kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamı olan "Kitab köşkü" ətraf kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmət edir.
Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.