Mərkəzi istilik sistemləri bir aydır işə salınıb - Bakıxanovda isə... başlı başını saxlasın...
Elxan Əliyev: “Yeni binalarda istilik sistemləri normal işləsə də, köhnə binalarda istiliyin təchizatı ilə bağlı problemlər mövcuddur”
Bir aya yaxındır ki, mərkəzi istilik sistemi işə salınıb, lakin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Şamil Kamilov və Mahir Əmirov küçələrinin sakinləri bu istilikdən məhrumdurlar.
Sakinlərin dediyinə görə, noyabrın 15-dən verilən istilik cəmi iki-üç gün davam edib. Sakinlər bildirir ki, yaranmış vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsi (MİS) əməkdaşlarına məlumat veriblər. Ancaq buna görə heç bir iş görülməyib.
“Azəristiliktəchizat” ASC-dən bildirildi ki, ərazi üzrə problem araşdırılacaq.
“Azəristiliktəchizat” ASC: “Ərazi üzrə problem araşdırılacaq”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, dünya təcrübəsində qış mövsümünə keçidlə bağlı şəhər təsərrüfatının idarə olunması kimi geniş təcrübə var: “Orada müəyyən aspektlər var. Onlardan biri kommunal sistemlərin bərpası, yenidən hazırlanması və müəyyən çatışmazlıqların aradan qaldırılması prosesidir, bura qazanxanalar və istilik sistemləri aiddir”.
Onun sözlərinə görə, Azərbaycanda mövsümdən mövsümə keçid daha çox korrupsiya xarakterli bir hadisədir. “Qışa hazırlıqla bağlı ayrılan maliyyə vəsaitlərinə və silinən maliyyə vəsaitlərinə nəzər yetirsək görəcəyik ki, görülən iş bu maliyyə ilə heç vaxt adekvat olmayıb".
Ekspert qeyd etdi ki, yeni binalarda istilik sistemləri normal işləsə də, köhnə binalarda istilik təchizatı ilə bağlı problemlər mövcuddur: Özəl binalarda müəyyən işlər görülür, amma SSRİ dönəmindən qalmış binaların böyük əksəriyyətində istilik sistemi ilə bağlı vəziyyət bərbaddır və qışa hazır deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qonşu ölkələrdə dövlətdən verilən istiliklə nəinki evlər, binaların blokları belə isidilir ki, insanlar üçün komfort olsun. Lakin bizdə evin bir otağı belə isinmir. İnsanlar da görür ki, bununla otaqları isitmək mümkün deyil, elektrikdən istifadə ediblər. Buna görə də, istiliyə görə pul ödəmirlər.
Əli TURABOV