Rusiyada prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı - Putin namizəd olacaqmı...
Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Rusiya Federasiya Şurasında bu gün keçirilən səsvermədə ölkədə növbəti prezident seçkilərinin 2024-cü il martın 17-nə təyin edilməsi qərara alınıb.
Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, bu gündən Rusiyada prezident seçkilərinə start verilir.
Rusiya Federasiyası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyasının Prezidenti seçkilərinin təyin edilməsi Federasiya Şurasının müstəsna səlahiyyətidir. Bunu Federasiya Şurasının Konstitusiya Komitəsi sədrinin birinci müavini Vladimir Poletayev bildirib: "Qərarın qüvvəyə mindiyi andan, yəni rəsmi dərc edildiyi gündən faktiki olaraq seçki kampaniyasına satart verilir. Prezident seçkilərində çoxgünlük səsvermənin keçirilməsi barədə qərarı Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası qəbul edir".
Poletayev qeyd edib ki, seçki günü tətil elan olunmur.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov noyabrın əvvəlində bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin hələlik yeni prezidentlik müddətinə namizədliyini açıqlamayıb. O, Reuters agentliyinin mənbələrə istinadən Putinin guya 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlməsi ilə bağlı xəbərinə münasibət bildirərkən deyib: "Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib".
Vladimir Putin 2018-ci ildə keçirilmiş prezident seçkilərində gözlənən qalibiyyətindən sonra Rusiyanı daha altı il idarə etmək hüququ qazanıb. O, dördüncü dəfə prezident seçilib.
TAHIR