Dünya mediası COP29-da bu "Hədəfin" qəbul olunacağını xüsusi maraqla izləyir...
Azər Həsrət: "COP29 ərəfəsində atəşkəs çağırışı dünya üçün olduqca əhəmiyyətlidir"
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycanın atəşkəs çağırışı bütün dünyada getdikcə daha çox dəstək alır. Bu barədə Türkiyənin “Haber7” telekanalının Bakıda keçiriləcək qlobal tədbirlə bağlı materialında deyilir.
Telekanal BMT-nin Azərbaycanda keçiriləcək mötəbər tədbirinə son hazırlıq işlərinə diqqət çəkir və konfransda “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin (NCQG) qəbul ediləcəyinə ümid edir.
Qeyd olunur ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi gücləndirəcək, ölkələrin davamlı inkişafına dəstək verəcək və yaşıl iqtisadiyyata keçidi sürətləndirəcək mühüm platformadır.
"COP29 ərəfəsində diqqətlərin Bakıya cəm olması və bu beynəlxalq tədbirdən fərqli işlərin görülməsi təsadüf sayıla bilməz"
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə şərhində bildirdi ki, son illər Azərbaycan çox ciddi bir qlobal oyunçuya çevrilib: "Dövlətimizdən, Prezident İlham Əliyevdən dünyanın taleyini həll edəcək təşəbbüslər irəli gəlir. Həmin təşəbbüslər də bir qayda olaraq maraqla qarşılanır, dəstək görür. Xüsusilə dünyanın diqqətindən kənarda tutulmağa çalışılan xalqlar Azərbaycandan nicat gözləyir. Fransa kimi müstəmləkəçi dövlətlərdən əziyyət çəkənlər ölkəmizə sığınır, bizdən köməklik istəyir. COP29 ərəfəsində diqqətlərin Bakıya cəm olması və bu beynəlxalq tədbirdən fərqli işlərin görülməsi təsadüf sayıla bilməz. Azərbaycan müharibədən əziyyət çəkmiş ölkə, dövlət olaraq dünyaya göstərir ki, bu cür təşəbbüslərlə insanların rahat yaşamını təmin edək. Belə tədbirlər zamanı atəşkəs olsun və insanlar rahat nəfəs alsın, sonrakı prosesləri düşünmək imkanı olsun. Bu səbəbdən də Azərbaycanın təşəbbüsləri maraqla qarşılanır. Bir çox təşəbbüslər çox yüksək səviyyədə dəstək görüb, gerçəkləşdirilib və dünya da həmin işdən fayda görüb. Bu baxımdan COP29 ərəfəsində atəşkəs çağırışı dünya üçün olduqca əhəmiyyətlidir".
Günel CƏLİLOVA