BƏƏ və İraqa 14-15 qəpiyə satıb Belarusdan 19 qəpiyə alırıq - Niyə?...
Rəsul Cahangirli: “Azərbaycan damazlıq yumurtaya olan tələbatı tam daxili istehsal hesabına hələ təmin etmir”
Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan Rusiyaya 48 milyon 654 min ədəd yumurta ixrac olunub. Rusiyaya ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 14,5 qəpik (8,5 sent) olub. Bundan başqa, bu ilin ilk 8 ayında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə 13 milyon 608 min ədəd, İraqa isə 1 milyon 80 min ədəd yumurta satılıb.
BƏƏ-yə satılan yumurtanın bir ədədinin orta gömrük dəyəri 15 qəpik (8,9 sent), İraqa satılan yumurtanın bir ədədinin orta gömrük dəyəri isə 13,4 qəpik (7,9 sent) olub.
Ancaq məsələ ondadır ki, bu ilin ilk 8 ayında Azərbaycan Belarusdan bir ədədi 18,9 qəpiyə (11,1 sent) 292 min ədəd yumurta idxal edib. Burada maraq doğuran məqam odur ki, Azərbaycan bir sıra ölkələrə yumurta ixrac edirsə, o zaman ixrac edilən yumurtanın dəyərindən baha yumurta idxalı nə deməkdir?
“Hesab edirəm ki, Belarusdan yumurta idxalı bununla əlaqədar ola bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, müvafiq qurumlar buna aydınlıq gətirməlidir: “Çünki Azərbaycan bir belə ölkəyə yumurta ixrac edirsə, o zaman idxala nə gərək var? Özü də Azərbaycanın ixrac etdiyi yumurtanın sayı milyonlarla ölçülür. Ümumiyyətlə, son 4 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. Təkcə bu ilin əvvəlindən süfrə yumurtası istehsalı təxminən 1 milyard 700 milyon ədəd civarındadır. Hazırda süfrə yumurtası ixracı 110 milyon ədədin üzərindədir. Ancaq Belarusdan idxal edilən yumurtanın sayı 300 min ədədə yaxındır. Ola bilsin ki, Belarusdan damazlıq yumurta idxal edilir. Çünki damazlıq yumurtanın qiyməti süfrə yumurtasından bir qədər baha olur. Yoxsa yumurta ixrac edən Azərbaycan niyə bu məhsulu idxal etsin ki? Düzdür, Azərbaycanda da damazlıq yumurta istehsal edilir, amma bu, elə də böyük deyil. Azərbaycan damazlıq yumurtaya olan tələbatı tam daxili istehsal hesabına hələ təmin etmir. Onun müəyyən hissəsi idxal hesabına təmin edilir. Hesab edirəm ki, Belarusdan yumurta idxalı bununla əlaqədar ola bilər”.
Vidadi ORDAHALLI