Tanınmış aktyor Möylə Mirzəliyevin 65 illiyi səhnədə qeyd olunub
Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası oynanılıb. Bu barədə baki-xeber.com-a teatrın mətbuat xidmətindən məlumat verilib. Bu dəfə səhnə əsəri teatrın tanınmış aktyoru Möylə Mirzəliyevin 65 illik yubileyi münasibətilə nümayiş etdirilib.
Aktyorun həyat və yaradıcılığı barəsində tamaşaçılara ətraflı məlumat verən Akademik Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova teatr rəhbərliyi və kollektiv adından yubilyarı təbrik edib, eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanını da ona təqdim edib.
Qeyd edək ki, Möylə Mirzəliyev “Baladadaşın toy hamamı” tamaşasının ilk nümayişindən (2016-cı ildən) indiyədək 62 dəfə Qəzənfər obrazı ilə səhnəyə çıxıb. Onunla yanaşı, tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Nadir Xasiyev, Prezident mükafatçıları Mehriban Zaliyeva, Hüseyn Əlili, aktyorlar Əmrah Dadaşov, Ülviyyə Əliyeva, Gültac Əlili, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Elnarə Nağdəliyeva, Cərayıl Cəbrayılov, Telli Hüseynova, Elməddin Dadaşov, Nigar Qarayeva, balaca aktyor Miruğur Əlili də iştirak ediblər.
Teatrla kinonun sintez edildiyi, adət və ənənələrimizin, xüsusilə də Bakı kəndlərinin özünəməxsus koloritinin ustalıqla əks olunduğu səhnə əsərinin quruluşçu-rejissoru, Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Leyla və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.
İradə SARIYEVA