Şəhidlik zirvəsindən boylanan igid
Rahid Namiq oğlu Cəfərov Vətənin dar günündə dadına çatanda, torpaqlaımızın bütövlüyü uğrunda mübarizəyə qatılanda ömrünün 18-ci ilini yaşayırdı. Bu az yaşında elə bir hünər göstərdi ki, əbədi olaraq adı milyonların ürəyinə yazıldı. Vətən var olduqca, Rahid də günəş ömrü yaşayacaq. Həmişə xatırlanacaq, mənalı həyat yolu örnək göstəriləcək...
Cəlilabad rayonunun Dələli kəndində dünyaya göz açan Rahid Cəfərov həyat yolunu xoş arzular üzərində qurmaq istəyində olsa da, Vətən torpaqlarının düşmən əsarətində olması onu çox narahat edib. Odur ki, ordu sıralarına gedib erməni dığalardan qisas almağı əsas şərt sayıb. Əsgərliyə cəbhə bölgəsində başlayıb. Nümunəvi xidməti, təlimlərdə fəallığı, cəsurluğu, mərdliyi, Vətənə məhəbbəti, cəsurluğu, düşmənə nifrəti onu qısa müddətdə əsgərlərin, zabitlərin sevimlisinə çevirib. Həmçinin Rahid and içib düşmənlə son damla qanına qədər döyüşəcək gününü gözləyib.
Rahid Cəfərov Vətən müharibəsinin ilk günlərində ön cəbhəyə, mənfur düşməndən qisas almağa yollanıb. Qələbəyə olan inamı onu həmişə öndə döyüşməyə sövq edib. Cəsur əsgər bir-neçə ağır savaşda ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq örnəyi göstərib. Düşmən üzərində zəfər çaldığı döyüşləri çox olub. Döyüşdən-döyüşə bərkiyən Rahid Cəfərov hər girdiyi savaşda dığalara qan uddurub, onlarla canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Eyni zamanda Rahidin fədakarlığı, mərdliyi onunla çiyin-çiyinə vuruşanları qələbəyə doğru aparıb. Ən əsası Talışın və Suqovuşanın azadlığı uğrunda göstərdiyi şücaəti ilə tarixin yaddaşında silinməz iz qoyub. Amma özünü yağı gülləsindən qoruya bilməyib. And içdiyi kimi, son damla qanına qədər vuruşub, qəhrəmancasına şəhadətə qovuşub.
İkinci Qarabağ savaşında 30 il düşmən əsarətində qalan Vətən torpaqlarının azadlığı naminə odlardan, alovlardan keçərək Azərbaycanın yeni, şanlı tarixi yazanlardan olan şəhid Rahid Cəfərov dövlət tərəfindən "Vətən uğrunda", Laçının və Suqovuşanın azadlığına görə medalı ilə təltif edilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü