Şəhid anası ad günündə ziyarət olundu - FOTO
Vətən torpaqlarının düşmən əsarətində olması, minlərlə qeyrətli oğul kimi, Astara rayonu Səncərədi kəndində boya-başa çatan Arif Qeybiyevi də rahat buraxmayıb. Elə ordu sıralarına işğalçı dığalardan qisas almaq məqsədilə gedib.
44 günlük haqq savaşımızda arzusuna çatıb. Vətən müharibəsinin ilk günündə ön cəbhəyə yollanan Arif Füzulinin azadlığı uğrunda döyüşlərdə böyük rəşadət göstərib. Özü şəhid olsa da, qan tökdüyü torpaqda Azərbaycanın qələbə bayrağını ucaltmaqla adını şanlı tariximizə yazıb. Qəlblərə əbədi köçməklə, həm də dövlət tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallara layiq görülüb. Gülnur adında bir qız övladı canından artıq sevdiyi Vətəninə yadigar qalıb.
Şəhid Arif Qeybiyev əsgərlikdən əvvəl, yəni 2016-ci ildə Astara Pedaqoji Kollecinin idman fakültəsini bitirib. İdmanda qazandığı uğurları ilə yaxşı tanınıb. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu olub. Digər qələbələri də çoxdur.
Bir qayda olaraq kollecdə məzun şəhidin xatirəsi əziz tutulur, ehtiramla yad edilir. Həmçinin təhsil ocağında şəhidin ailəsi ilə daim əlaqə saxlanılır, onların problem və qayğılarının müsbət həlli üçün bütün imkan tədbirləri görülür. Arifin anası Rəna Qeybiyevanın doğum günündə kollecin direktoru, şəhid atası K.Kazımov, müəllim heyəti ona baş çəkiblər. Kollektiv adından Rəna xanıma can sağlığı arzulayan direktor deyib: - Rəna xanım, siz analıq şərəfini müqəddəs saxlamaqla oğlunuz Arifi olduqca vətənpərvər, xalqına bağlı böyütmüsünüz. O, Vətənin yaşaması naminə, bizim xoş gələcəyimiz üçün qorxmadan, çəkinmədən sinəsini düşmən gülləsinə sipər etməyi bacardı. İndi Arifin adı çəkiləndə bütün Azərbaycan onunla qürur duyur. Belə bir oğulun anası olmaqla siz hər bir şərəfə layiqsiniz.
Göstərilən diqqət və qayğıdan razı qalan şəhid anası bildirib ki, Arif uşaqlıqdan Vətənini çox sevirdi. Bu sevgini indi Vətən, xalq ona qaytarır. Elim, obam oğlumu məndən də çox əzizləyir. Doğrudur övlad itkisi ən ağır dərdir. Qaldı ki, Arif kimi bir qəhrəmanın anası olmaqla qürur duyuram...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü