Şahmat üzrə Azərbaycan çempionatı başa çatıb
Respublika Şahmat Mərkəzində təşkil edilən şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı sona çatıb. Kişilərin yarışında rapid və blits turnirin yekun nəticəsinə əsasən 14 xal toplayan Eltac Səfərli ölkə çempionu olub. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib. Çempiondan yarım xal az toplayan Vüqar Rəsulov ikinci yeri tutub. Məhəmməd Muradlı yarışı üçüncü yerə başa vurub.
Qadın şahmatçıların yarışında 12.5 xal toplayan Azərbaycan milli komandasının üzvü Gülnar Məmmədova qızıl medala layiq görülüb. Eyni xala malik Zeynəb Məmmədyarova əlavə göstəricilərə görə ikinci olub. Milli komandanın üzvü Xanım Balacayeva 12 xalla çempionatın bürünc medalını qazanıb.
Azərbaycan çempionatının bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim edib.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 8000 manat təşkil edib. Qalib və mükafatçılar dünya çempionatında iştirak hüququ əldə edib. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçılar ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq.
İradə SARIYEVA