İranla bağlı şok iddia - altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər...
2025-ci ilin aprelinədək İranın arsenalında istifadəyə hazır 10 nüvə başlığı ola bilər. Bu barədə “The Times” qəzeti Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) sabiq Baş direktor müavini Olli Heynonenə istinadla məlumat yayıb.
“Bu raketlər vasitəsilə heç bir ölkəni məhv etmək mümkün deyil, lakin onunla rəqibləri hədələyə və danışıqlarda daha sərfəli mövqe tuta bilərsiniz”, - deyə Heynonen qeyd edib.
O, həmçinin İranın oktyabrın 1-nə keçən gecə İsrailə atdığı raketlərin gələcəkdə nüvə başlıqlarını daşıma vasitəsi kimi istifadə oluna biləcəyini istisna etməyib. Ekspert, eyni zamanda, İranın atom silahından mümkün istifadəsinin Tehran üçün “böyük risklər” yaradacağını və bu səbəbdən hakimiyyət orqanlarının ondan yalnız hədələyici faktor kimi yararlanmağa çalışacağını vurğulayıb.
Olli Heynonen əvvəllər IAEA-nın monitorinq missiyaları çərçivəsində İranın nüvə obyektlərinə bir neçə dəfə baş çəkib və bu ölkənin nüvə sektorunda çalışan yüksəkvəzifəli şəxslərlə görüşüb.
Qeyd edək ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı yaratmağa can atmadığını və Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə öhdəliklərin yerinə yetirilməsinə qayıtmağa hazır olduğunu bildirib.
ZÜMRÜD