İrandan Rusiyaya narkotik aparanlar Astara gömrüyündə "ilişdi"
Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya narkotikin aparılmasının qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib.
Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
NAMİQ