"Hizbullah" lideri necə öldürüldü? - 80 ton ağırlığında bomba ilə hücum... İranın 2040-cı il planı...
İsrail iki gün əvvəl Livanın paytaxtı Beyrutda tarixin ən böyük hücumunu həyata keçirdi və "Hizbullah" lideri Nəsrullahı öldürdü. İsrail ordusu Nəsrullahın "Hizbullah"ın yeraltı qərargahında öldürüldüyünü açıqlayıb.
Bu arada İsrailin "Yeni Nizam" adlandırdığı əməliyyatın təfərrüatları məlum olub.
İsrailin ordusu radiosu, İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 döyüş təyyarələrinin Nəsrullahı öldürmək üçün Beyrutun cənub ətrafındakı hədəfə hər biri 1 ton ağırlığında təxminən 85 ABŞ istehsalı bunker dağıdıcı bomba atdığını açıqlayıb.
Bunker dağıdıcı bombalar 6 metr qalınlığında betonu dağıtmaq gücünə malikdir. "Kanal 13"ün məlumatına görə, "Hizbullah"ın əsas qərargahı yer altında 14-cü mərtəbədə yerləşirdi. Hücumun hədəfi də məhz yeraltı mərkəzi "Hizbullah" qərargahı olub.
İsrail mətbuatının yazdığına görə, hücum “Yarasa eskadronu” kimi tanınan Hərbi Hava Qüvvələrinin “119-cu bölməsi” tərəfindən həyata keçirilib.
İsrailin aparıcı qəzeti “Times of Israel”ə danışan yüksək səviyyəli bir İsrail rəsmisi “Hizbullahın qalası” olaraq xarakterizə edilən Dahiyəyə hücumların Livana qarşı quru əməliyyatının qarşısını almaq üçün edildiyini iddia edib.
Rəsmi, İsrail kəşfiyyatının İranın 2040-cı ilə qədər İsrail dövlətini məhv etmək planının təfərrüatlarını ələ keçirdiyini və Nəsrullahın bu planın mühüm bir hissəsi olduğunu iddia edib.
TAHİR