Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür
Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür. Bu günün qeyd olunması ictimaiyyətin diqqətinin əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər aylıq müavinət ödənilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin edilirlər. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir.
Bu sosial ödənişlərin ardıcıl olaraq artırılması təmin olunur. Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar nəticəsində, xüsusilə son 5 ildə bu sahədə ciddi irəliləyişlər əldə olunub, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2 dəfədən çox, müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.
Mətləb