Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi
Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar. Vatikana səfər çərçivəsində, eyni zamanda, Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa və bir sıra digər rəsmi şəxslər ilə görüş keçirilib. Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr, Heydər Əliyev Fondu ilə birgə layihələr müzakirə olunub.
Qeyd edək ki, ötən müddətdə Heydər Əliyev Fondu Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına, mədəni irsin qorunması sahəsində işlərə öz töhfəsini verib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Müqəddəs Pavel Bazilikasını ziyarət edib.