Sertifikasiyadan imtina edən müəllimlərin aqibəti necə olacaq...
Məlum olduğu kimi, növbəti sertifikasiya müsabiqəsində 31min müəllimin iştirakı nəzərdə tutulur. Müsabiqədə 11290 Riyaziyyat , 1284 Azərbaycan dili (dövlət dili kimi), 12035 İngilis dili, 5868 rus dili və ədəbiyyat üzrə (rus bölməsi) , 236 Alman dili, 322 Fransız dili müəlliminin cəlb olunması planlaşdırılır.
Qeyd edək ki, keçiriləcək sertifikasiya imtahanında iştirak etməkdən imtina edən müəllimlər də var.
Maraqlıdır, həmin müəllimlər məcburi şəkildə sertifikasiyada iştirak etməlidirlərmi?
“Qanunvericiliyə əsasən, orta ümumtəhsil məktəblərində çalışan bütün şəxslər sertifikasiyadan keçməlidir”
Təhsil eksperti Nizami Hüseynov baki-xeber.com-a bildirdi ki, hazırda 4432 ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Qanunvericiliyə əsasən, orta ümumtəhsil məktəblərində çalışan bütün şəxslər sertifikasiyadan keçməlidir: “Müəllim əsaslı səbəb olmadan sertifikasiyadan imtina edərsə, onunla bağlanmış müqaviləyə xitam veriləcək. Bütün müəllimlər sertifikasiyaya cəlb edilməlidir. Uzun müddətdir, onların yoxlanılması həyata keçirilməyib. Bu onlara inamsızlıq deyil, əksinə, daha yaxşı nəticə verməsinə səbəb olacaq”.
Ekspert onu da əlavə etdi ki, sertifikasiyada iştirak etməmək onunla bağlanmış müqaviləyə xitam vermək deməkdir. Bu da gələcəkdə onların təqaüd almasına mane olacaq.
Günel CƏLİLOVA