COP29 - nə gözləyirik və nə qazanacağıq?
Mətləb Salahov: “Yaşıl sektor, xidmət sektorları üçün iki həftə ərzində turizm partlayışı yaşanacaq”
Bir neçə aydan sonra Azərbaycan daha bir qlobal beynəlxalq tədbirə ev sahibliyi edəcək. COP29 ətraf mühit və ekoloji problemlərin müzakirə olunduğu ali platformadır. Amma bu platformanın Azərbaycana qazandıracağı təkcə müzakirə masaları olmayacaq. Yeni iqtisadi tərəfdaşlar, alternativ enerji mənbələri və texnologiyaları, enerji diplomatiyası üçün yeni imkanlar – bunların hamısı Cop29-dan gözləntilərimizdir. Bəli, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Daima iqtisadi və siyasi mənada olduqca vacib platforma, əlaqə mərkəzi kimi sayılan Azərbaycan, son illərdə ən önəmli iqtisadi layihələr üçün açar rolunu oynayıb. Məlumdur ki, güclü enerji resurslarına, neft və qaz ehtiyatlarına sahib olan Azərbaycan bu gün Avropa üçün də ən önəmli enerji tərəfdaşı və enerji transfarmatorudur. Bu gün beynəlxalq səviyyədə Bakı nefti və qazı ən güclü iqtisadi silah kimi gündəmdədir. Hər kəs, - istər avropalısı olsun, istər bir başqa qitə - Azərbaycanın enerji tərəfdaşı olmaq üçün can atır. Böyük enerji resurslarına sahib olan bu odlar yurdu ölkəsi həm də əməkdaşlıq və yeni imkanlar üçün cazibə mərkəzidir.
Jurnalist-ekspert Mətləb Salahov Bakı-Xəbər-ə açıqlamasında bildirib ki, bu baxımdan, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə ardıcıl və qətiyyətli mövqeyini, həmçinin, yaşıl enerjiyə keçirdlə bağlı göstərilən səyləri ifadə etməklə yanaşı, həm də həyatın bütün sahələrində yüksək standartların təşviq və tətbiq edilməsinə öz töhfəsini verəcək.
“Məlum olduğu kimi, müasir dünyada bir-biri ilə zəncirvari əlaqədə olmayan, bir-birini tamamlamayan və həmçinin, qarşılıqlı əlaqədə olmayan heç bir istiqamət yoxdur. Əgər iqlim dəyişiklikləri iqtisadiyyatdan, maliyyə sabitliyindən başlamış fundamental insan hüquqlarının kompleks şəkildə qorunmasına öz təsirini göstərirsə, o zaman bütün bu proseslərinin ana xəttini təşkil edən siyasi aspektləri də əhatə edir. Məhz bu baxımdan, COP29-un ölkəmizdə keçirilməsinin və Azərbaycanın bütün bəşəriyyət həyati önəm kəsb edən mövzuların müzakirə edildiyi bir platformaya çevrilməsinin həm də böyük siyasi əhəmiyyəti var.
Bundan başqa, iki həftəlik tədbirdə turistlərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri pul xərcləmələri ilə bağlıdır. Xüsusən də, bu, Abşeron yarımadasındakı turizm kompleksləri üçün ciddi surətdə qazanc əldə etmək imkanıdır. Yaşıl sektor, xidmət sektorları üçün iki həftə ərzində turizm partlayışı yaşanacaq.
Daha bir vacib məqama diqqət edək. Ölkəmiz bərpaolunan və alternativ enerji ilə bağlı mühüm layihələr reallaşdırır və bu abrədə mühüm planlarımız var. Statistik göstəricilər də Azərbaycanın niyyətini ortaya qoyur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40% azaldılmasından ibarətdir. COP29 tədbirinə ev sahibliyi etmək potensial olaraq investisiyaları cəlb edə və uzunmüddətli perspektivdə turizmi artıra bilər. COP-a ev sahibliyi etmək hər bir ölkə üçün böyük maliyyə öhdəliyi ola bilər, lakin o, həm də beynəlxalq əməkdaşlıq, investisiya və iqlim liderliyini nümayiş etdirmək baxımından potensial faydalar gətirə bilər. Düşünürəm ki, bu beynəlxalq əhəmiyyətli tədbir ölkəmizə mühüm dividentlər qazandıracaq.”
Namiq Quliyev