ABŞ-dan qərar - Rusiyanın aparıcı KİV-lərinə sanksiya tətbiq olundu
ABŞ-nin Xəzinə Departamenti “Rossiya Seqodniya” media qrupuna və onun tabeliyində olan “RIA Novosti”, RT, “TV-Novosti”, “Ruptly” və “Sputnik” media təşkilatlarına qarşı sanksiya tətbiq edib. Departamentin yaydığı məlumata görə, qurum sözügedən media strukturlarını ABŞ-da prezident seçkilərinə müdaxilə və seçicilərin ABŞ-dakı seçki prosesinə etimadını qırmağa cəhddə ittiham edir.
Sanksiya siyahısına, həmçinin RT-nin baş direktoru Marqarita Simonyan, onun müavinləri Yelizaveta Brodskaya, Andrey Kiyaşko və Anton Anisimov və digərləri daxil olmaqla 10 nəfərin adı daxil edilib. Məlumatda bildirilir ki, RT-nin əməkdaşları Rusiya maraqlarını müdafiə edən videomaterialların hazırlanması üçün təxminən 10 milyon dollar vəsait sərf edib.
Sanksiya, həmçinin “RaHDit” haker qrupu və onun rəhbəri, Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksey Qeraşenkoya da tətbiq edilib.
Mətləb Salahov