"Hər bir azərbaycanlı seçkidə yalnız öz istədiyi namizədə səs verirdi" -Gürcüstanlı müşahidəçi
"Biz bir neçə seçki məntəqəsində müşahidə apardıq. Seçki prosesinin yüksək səviyyədə keçirildiyini gördük."
Bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Albaniyadan olan üzvü Petro Koçi bugünkü mətbuat konfransında bildirib. O qeyd edib ki, onlar MSK sədri ilə görüşüblər və parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildiriblər.
Serbiya Parlamentinin üzvü İqor Beçiç isə vurğulayıb ki, onlar hər hansı qanun pozuntusu qeydə almayıblar: “Mən Yeni Azərbaycan Partiyasını seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə vətəndaşlarının Prezident İlham Əliyevə olan etimadının göstəricisidir. Azərbaycanla Serbiya arasındakı strateji əməkdaşlıq yüksək səviyyədədir. Bu da qarşılıqlı etimadın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasındakı münasibətlər ikitərəfli münasibətlərin inkişafı üçün mühüm önəm daşıyır”.
Gürcüstan Parlamentinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının vitse-prezidenti Ramaz Nikolaeşvili qeyd edib ki, müşahidə apardıqları məntəqələrdə seçicilərin iştirak səviyyəsi 38 faizə qədər idi. Seçicilərin iştirak səviyyəsinin aşağı olması təkcə Azərbaycana xas məsələ deyil, bir çox ölkələrin problemidir”.
O qeyd edib ki, hər bir azərbaycanlı seçkidə yalnız öz istədiyi namizədə səs verirdi. “Bunu bizim əldə etdiyimiz nəticələr də sübut edir. Ümumiyyətlə, Azərbaycan xalqı öz qələbəsi ilə qürur duymalıdır. Prezident İlham Əliyevin güclü siyasəti xalqa bütöv bir Azərbaycan qazandırdı. Biz öz tərəfimizdən hesab edirik ki, Azərbaycanda bu cür seçkilərin keçirilməsi çox əlamətdar bir haldır. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda həm prezident, həm də parlament seçkilərini keçirməyə müvəffəq oldu”,- deyə Ramaz Nikolaeşvili vurğulayıb. O qeyd edib ki, parlamentin yeni tərkibi formalaşdırıldıqdan sonra ölkələr arasındakı əlaqələr daha da güclənəcək. “Biz qanunverici orqanlarımız arasında əməkdaşlığa müsbət yanaşırıq. Azərbaycanın iqtisadi gücə malik olması bizim də marağımızdadır”, - deyə gürcüstanlı müşahidəçi bildirib.
Mətləb