Avroittifaq Kiyevin xahişini rədd etdi - Avropa ölkələri Ukraynaya əsgər göndərmək istəmədi...
Avropa İttifaqı (Aİ) Kiyevin ukraynalı hərbçilərə Ukraynada təlim keçmək xahişini rədd edib. Aİ-nin Ali Nümayəndəsi Cozef Borrellin Brüsseldə keçirilən qeyri-rəsmi müdafiə nazirlərinin toplantısının sonunda bildirib ki, bəzi ittifaq üzv olan dövlətlər bunun əleyhinə çıxış ediblər.
“Ukraynada hazırlıq – niyə olmasın? Onlar (Ukrayna hərbçiləri) döyüşməli olduqları mühitə daha yaxın olacaqdılar. Bu daha məqsədəuyğun olardı. Bəzi üzv dövlətlər hazır idi, bəziləri isə əleyhinə idi. Son olaraq, qərara gəldik ki, təlim Ukrayna ərazisində deyil, mümkün qədər Ukraynaya yaxın bir ölkədə olsun”, – deyə ali nümayəndə bildirib.
Borrellin sözlərinə görə, Rusiyanın genişmiqyaslı müdaxiləsindən sonra 60 minə qədər ukraynalı hərbçi Avropa İttifaqında təlim keçib və nazirlər ilin sonuna qədər daha 15 min əsgərin təlim edilməsi ilə bağlı razılığa gəliblər.
“Reuters” yazır ki, Kiyev Avropa İttifaqından bəzi təlimlərin daha sürətli, iqtisadi cəhətdən səmərəli və logistik cəhətdən daha sadə olacağı baxımından Ukrayna ərazisində keçirilməsini nəzərdən keçirməyi xahiş edib. Ancaq Aİ-nin bəzi üzvləri Avropa qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsinə qarşı çıxıb.
TAHİR