Dubayda Azərbaycanın COP28-dəki pavilyonu fəaliyyətə başladı
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də pavilyonla təmsil olunur. Dubayda dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub.
İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir.
Qeyd edək ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35% azaldılması, 2050-ci ildə isə bu hədəfin 40%-ə çatdırılacağına dair öhdəliyi təsdiqləyib və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.
Mətləb