Qaz kəmərlərimizdə dəhşətli itki - faktda cinayət tərkibi ola bilərmi...
Vüqar Bayramov: “Magistral xətlərdə qeydə alınan itkilər infrastrukturun yenilənməsini tələb edir”
Azərbaycanda magistral qaz kəmərlərində itkilər 40 faizdən çox artıb. Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərlərində 50,7 mln. kubmetr itki olub, bu da illik müqayisədə 42,8% çoxdur.
2022-ci ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 35,5 mln. kubmetr təşkil edib. Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 430,7 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3% artım müşahidə olunub. Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur. Maraqlıdır, magistral qaz kəmərlərində itki nəyə görə baş verib?
“Magistral qaz kəmərlərində 40 faizdən çox itkinin olması infrastrukturun köhnə olması ilə bağlıdır”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qaz itkisinə qarşı mübarizə aparmaq prioritetdir: “Azərbaycanda mavi qaz istehlakının azaldılması əsas hədəflərdən biridir. Magistral xətlərdə qeydə alınan itkilər infrastrukturun yenilənməsini tələb edir. Müasir standartlara cavab verən infrastruktura ehtiyac var. Bu istiqamətdə müəyyən işlərin görülməsi mavi qaz itkisinin qarşısını ala bilər”.
Millət vəkilinin sözlərinə görə, magistral qaz kəmərlərində 40 faizdən çox itkinin olması olduqca böyük rəqəmdir. İtkilərin minimuma salınması ilə bağlı fəaliyyət genişləndirilməlidir: “Nəzərə almaq lazımdır ki, itkinin minimuma salınması gəlirə təsir edir”.
V.Bayramovun fikrincə, magistral qaz kəmərlərində 40 faizdən çox itkinin olması infrastrukturun köhnə olması ilə bağlıdır. Bu istiqamətdə təcili lazımi işlər görülməlidir.
Günel CƏLİLOVA