Ən çox müştəri narazılığı törətmiş bankların özünümüdafiə arqumentləri...
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir.
Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınıb.
23 bankın olduğu siyahının ilk beşliyində Bank VTB ASC, Bank BTB ASC, Bank of Baku ASC və Azərbaycan Sənaye Bankı ASC yer alıb.
Istehlakçıların ən çox narazı qaldığı banklarla bağlı elə onların özləri ilə əlaqə saxladıq.
Bank VTB: “Mərkəzi Bank tərəfindən şikayətlər mövzusu açıqlanmır”
Bank VTB-dən “Bakı-Xəbər”ə bildirildi ki, onlar Mərkəzi Bankın məlum indeksindən xəbərdardır: “Ümumiyyətlə, Mərkəzi Bank tərəfindən şikayətlər mövzusu açıqlanmır”.
Bank BTB-dən isə bildirildi ki, məsələni araşdırırlar.
İstehlakçıların narazı olduğu digər banklarla da əlaqə yaratmağa çalışdıq. Lakin nə zənglərimizə cavab verildi, nə də sorğumuz cavablandırıldı.
Kamran Məmmədli: “İstehlakçılar daha çox şəxsi məlumatların yayılması ilə bağlı banklardan narazılıq edir”
İqtisadçı Kamran Məmmədli bildirdi ki, bu gün istehlakçılar bir çox səbəblərə görə banklardan narazılıq edir. Həmin səbəblər arasında ilki müştəri sirrini yaymasıdır: “Müştərinin borcu, kredit alması barədə məlumatlar bank sirridir və müştərinin icazəsi olmadan yayılması qanunsuzdur. Kredit haqqında da məlumatlar bank sirrini təşkil edir. O məlumatı banklar yalnız müştərinin özünə və məhkəmə qərarı ilə ancaq dövlət orqanlarına verə bilərlər. Başqa heç kəsə verə bilməzlər. Yaxud müştəri özü banka desə ki, filan məlumatı kiməsə ver, o zaman məlumat verilə bilər. Buna görə də iş yerinə məlumatın verilməsi, qohumlara, dostlara verilməsi bank sirrinin pozulmasıdır. Əlbəttə ki, bu, yolverilməzdir.
Daha sonra kreditə artıq məbləğin hesablanması, əmanətlər üzrə faizin düzgün verilməməsi də narazılığa səbəb olan məqamlardandır”.
Günel CƏLİLOVA