İranda avtobus qəzası olub, 28 zəvvar ölüb
İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, daha 23 nəfər yaralanıb. ISNA agentliyinin ən son məlumatında deyilir ki, qəza barədə məlumatı İran yol polisinin rəhbəri, general Teymur Hüseyni açıqlayıb. Onun sözlərinə görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib. Avtobus zəvvarları avqustun 25-nə təsadüf edən Ərbəin dini mərasimi üçün Pakistandan İraqa aparırdı.
Hər il təxminən 20 milyon müsəlman Ərbəin ziyarətinə gedir.
Onlar Bağdadın cənub-qərbində yerləşən, 680-ci ildə üçüncü şiə imamı Hüseynin döyüşdə öldürüldüyü Kərbəla şəhərini ziyarət edirlər. İslam tarixinin ən kədərli səhifəsi - İmam Hüseynin vəfatının qırxıncı günü onun Kərbəlada yerləşən məqbərəsi önündə qeyd olunur.
Mətləb