Sosialistlərdən Makrona xəbərdarlıq - o artıq dövlət qurumlarını bloklaya bilməz...
Fransada Prezident Emmanuel Makrona yaratdığı vəziyyətə və seçkilərin nəticələrinə hörmət etməyə çağırış olunub. XXXIII Yay Olimpiya Oyunları zamanı barışığa çağıran E.Makron parlament seçkilərinin ikinci turundan bir ay sonra hələ də Baş nazir təyin etməyib. Makron avqustun ortasından sonra bu məsələyə baxacağını bildirib. Bu isə ölkədə narazılıq doğurub.
“Dövlət rəhbəri artıq dövlət qurumlarını və ölkəni blok edə bilməz”, - deyə Sosialistlər Partiyasının (PS) sözçüsü K. Ridel yerli televiziyaya müsahibəsində qeyd edib. O, dövlət başçısını özünün yaratdığı vəziyyətə və seçkilərin nəticələrinə hörmət etməyə çağırıb. K. Ridel vurğulayıb ki, Olimpiya Oyunları zamanı birliyin və harmoniyanın vacib olduğunu anlayır, ancaq bu harmoniya ruhu parlament seçkilərində daha çox səs toplayan Yeni Xalq Cəbhəsi sayəsində genişləndirilə bilər. O, E. Makronu bir daha seçkilərin nəticələrini tanımağa çağırıb.
Qeyd edək ki, solçular Lüsi Kastetin (Lucie Castets) Baş nazir postuna namizədliyini irəli sürsələr də, E. Makron bu təkliflə razılaşmayıb. K. Ridel dövlət başçısının Yeni Xalq Cəbhəsinin namizədini geri çevirməsindən təəssüflənərək, gələn ilin dövlət büdcəsinin müzakirə edilməli və buna görə də Baş nazir təyinatını sürətləndirməyin lazım olduğunu diqqətə çatdırıb.
ZÜMRÜD