Yeni ildə pensiyalar da, kapitallar da indeksləşəcək - artım nə qədər olacaq?..
Vüqar Bayramov: “Bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq”
Gələn ilin əvvəlində Azərbaycanda pensiyaların indeksasiya edilməsi, yəni artırılması gözlənilir. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, artırılacaq.
Qanunvericiliyə əsasən, həm əmək pensiyaları, həm də pensiya kapitalı indeksasiya olunur.
Məlumat üçün bildirək ki, 2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir.
Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.
Maraqlıdır, gələn il pensiyalar və pensiya kapitalı nə qədər artacaq?
“Orta aylıq əməkhaqqındakı artım yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq: “Cari ildən tətbiq olunan vahid indeksasiya sistemi əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Gələn ilin yanvar ayında pensiyaların təxminən 11 faiz artırılacağı gözlənilir. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan orta aylıq əməkhaqqındakı artım yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir".
Millət vəkili onu da əlavə etdi ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin təxminən 45 faizi sosial istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, 2024-cü ildə də dövlət büdcəsi sosial yönümlü olacaq: “Təbii ki, büdcə xərclərində sosial istiqamətə yönəldilən vəsaitlərin həcminin artması həm də birmənalı şəkildə pensiya, əmək haqqı və digər istiqamətə daha çox vəsaitin ayrılması üçün daha çox imkanlar yaradır”.
Günel CƏLİLOVA