DYP səhhətində problem olan sürücülərə çağırış etdi...
Məlumdur ki, isti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkənlərdə özünü daha qabarıq büruzə verir. Lakin təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir və bu, bəzən xoşagəlməz sonluqla nəticələnir.
Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur. Bu amil avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə ünvanlanan müraciətində deyilir.
İdarə bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək, onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır.
ZÜMRÜD