"Zibil qutularını yandır, daşınma xərcini mənimsə" - Bakıda qəribə üsul...
Elxan Əliyev: “Zibil qablarında yanğınların baş verməməsi üçün tədbirlər görülməlidir”
Hazırda Bakıda müasir standartlara cavab verən müxtəlif zibil konteynerləri qoyulub. Plastik qablar üçün ayrı, kağızlar üçün ayrı... Zibil qabları dayanacaqlarda da qoyulub. Ancaq son vaxtlar Bakıda dayanacaqlarda qoyulan zibil qutularında yanğın hadisələri tez-tez müşahidə olunur.
Əsasən siqaret kötükləri, qutuları, polietilen torbalar və su qabları atılan zibil qutuları od vurulduğu anda ətrafı tüstü basır. Bu hal dayanacaqda dayanan vətəndaşların haqlı narazılığına səbəb olur. Ən dəhşətlisi isə həmin qutulardakı zibillərin küləkli havada yanması ətrafa təhlükə saçır.
“Zibil qabları ilə bağlı müəyyən qaydalar var ki, onlara əməl olunmalıdır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, zibil qabları ilə bağlı müəyyən qaydalar var ki, onlara əməl olunmalıdır: “Qabların yerləşdiyi yerin arxa və kənar hissəsində qoruyucu hasar olmalıdır. Üzəri də sukeçirməz materialla bağlanılmalıdır. Plastik zibil qabları dəmirdən daha əlverişlidir. Dəmir qabların plastiklə əvəz olunmasının bir sıra müsbət tərəfləri var. Onların ən önəmlisi odur ki, plastik qutularda qapaq var. Plastik qablar o baxımdan əlverişlidir ki, qapaqları mövcuddur və yalnız zibil atarkən ayaq hərəkəti ilə qapağını açmaq mümkündür”.
Ekspert hesab edir ki, zibil qablarında yanğınların baş verməməsi üçün tədbirlər görülməlidir: “Zibil qablarından istifadə təlimatı da olmalıdır ki, insanlar hansı məişət tullantılarını atmalı olduqlarını bilsinlər. Çünki bəzi hallarda təhlükəli tullantıların zibil qablarına atılması səbəbinə görə yanğın hadisələri baş verir. Bəzi hallarda tam söndürülməmiş siqaret və kibrit çöpü atılır. Bu da öz növbəsində yanğına səbəb olur. Bu cür yanğın hadisələri baş verdikdə mütləq qaydada sudan istifadə edərək yanğının ilkin mərhələsində qarşısını almaq lazımdır ki, daha da şiddətlənib ətrafda yaşayan sakinlərə, yaşayış binalarına, obyektlərə zərər yetirməsin. Nəzərə almaq lazımdır ki, həmin qutulara atılan zibillər tez alışır, od vuran kimi yanğın böyüyür”.
Günel CƏLİLOVA