Türkiyədən gətirilən bəzi vacib dərmanlar niyə bu qədər bahadır? - 4-5 dəfə fərq...
Adil Qeybulla: “Dərmanların bu qədər baha olmasının başlıca səbəbi ölkədə istehsalın olmaması ilə bağlıdır”
Uzun müddətdir ki, müzakirə olunan dərman qiymətləri ilə bağlı məsələ hələ də öz həllini tapmayıb. Apteklərdə satılan bir çox dərmanlar qonşu ölkələrdə - Gürcüstan, İran və Türkiyədə olduqca ucuzdur.
Məsələn, "Yanumet" şəkər dərmanı Azərbaycanda 65-70 manat, Türkiyədə isə 14 manatdır, oynaq ağrılarının müalicəsi üçün istifadə olunan "Prostrolane" iynəsi Azərbaycanda 260-300 manat, Türkiyədə 105 manatdır. "Ozurdex" göz iynəsi Azərbaycanda 1800 manata, Türkiyədə isə 800 manata satılır. Bu siyahını daha da uzatmaq olar.
Maraqlıdır, Azərbaycanda satılan dərmanlar qonşu ölkələrlə müqayisədə niyə çox bahadır?
“Çıxış yolu ən azı icbari tibbi sığorta paketinə daxil olan dərmanların ölkə daxilində istehsalını yaratmaqdır”
Sözügedən məsələyə aydınlıq gətirən tibb elmləri doktoru, professor Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanda dərmanların bu qədər baha olmasının başlıca səbəbi ölkədə istehsalın olmaması ilə bağlıdır. Problem ondadır ki, ölkədə dərmanlara olan tələbat idxal hesabına təmin edilir. Dərmanlar həmin ölkələrdən gətirilərkən nəqliyyat, gömrük xərcləri və üstəlik sahibkarın gəlirləri əlavə edildiyi üçün qiymətlər arasında belə böyük fərq yaranır. Türkiyə və digər ölkələrdən qiymət çox fərqli olur. O baxımdan hesab edirəm ki, bunun yeganə çıxış yolu ən azı icbari tibbi sığorta paketinə daxil olan dərmanların ölkə daxilində istehsalını yaratmaqdır. Belə olan halda biz xeyli dərmanları ucuz əldə edə bilərik. Xüsusən də vətəndaşın amblator şəraitdə müəyyən bir müalicədən sonra uzun müddət qəbul etdiyi dərmanların hansısa güzəşt paketləri çərçivəsində satılmasına da çalışmaq lazımdır. Fikrimcə, bununla bağlı İcbari Tibbi Sığorta Agentliyi yəqin ki, müəyyən təkliflər verəcək. Bunun şərtləndirən amillər onunla bağlıdır ki, tibbi sığorta paketində ayrı-ayrı xidmətlər, proseduralar, əməliyyatlar yavaş-yavaş bura daxil olur və pulsuz həyata keçirilir. Ən azından şəkərli diabetdən əziyyət çəkənlərin, xroniki xəstələrin istifadə etdiyi dərmanların paketə daxil olması insanların işini xeyli yüngülləşdirər. O ki qaldı aptekdən gedib hansısa dərmanı alıb istifadə etməyə, bu doğru deyil. Çünki bu, dünyanın heç yerində yoxdur və bizdə də olmamalıdır. İnsanlar buna adət etməlidilər və ancaq həkim ressepti əsasında dərmanlar buraxıla bilər. Ona görə də hesab edirəm ki, biz birinci növbədə buna nail olmalıyıq. Ondan sonra daxili istehsalı təmin etməliyik ki, bu problemdən xilas olaq. Nə qədər ki, dərmana olan tələbat idxal hesabına təmin ediləcək, qiymətlər belə baha olacaq”.
Vidadi ORDAHALLI