Xamneyidən şok qərar - müharibə səlahiyyətlərindən imtina etdi...
Əli Mustafa: “Sanki bununla Pezişkianı müharibə alətinə çevirmək və məsuliyyəti onun üzərinə qoymaq istəyirlər”
İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra qisas açıqlamaları ard-arda gəlir. Tehran İsrailə böyük cəza veriləcəyini bəyan edib. İranın ali lideri Xamneyi müharibə səlahiyyətlərinin prezident Məsud Pezeşkiana verilməsi haqqında fərmanı təsdiqlədikdən sonra gərginlik daha da artıb. İranın hər an İsrailə hücum edəcəyi gözlənilir.
ABŞ isə artan gərginliyi dayandırmaq üçün hərəkətə keçib. Küveytin “El Ceride” qəzeti yazır ki, ABŞ nümayəndə heyəti cümə axşamı gizli şəkildə Türkiyədən qalxan özəl təyyarə ilə İrana gedib. Təyyarə Tehran yaxınlığındakı Karan şəhərinə eniş edib və orada İranın kəşfiyyat-xarici işlər komandası ilə 2 saatlıq kritik görüş keçirilib. Görüş zamanı ABŞ rəsmiləri İran nümayəndələrinə xəbərdarlıq ediblər ki, Netanyahu böyük regional müharibə istəyir: "O, İranı məhv etmək istəyir. Netanyahunun hiyləsinə qapılmayın".
Burada diqqəti çəkən məqam odur ki, İranın ali lideri müharibə səlahiyyətlərini prezident Pezeşkiana verib. Maraqlıdır, bu nə gedişdir? Bunda məqsəd nə ola bilər?
“Haniyənin öldürülməsində məqsəd regionda böyük müharibəni başlatmaq və İranı buna cəlb etməkdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, İranın yeni prezidenti Məsud Pezeşkian sülh, islahat mesajı ilə gəlib. Üstəlik o, Qərblə danışıqların yenidən başlanılmasında, İrana qarşı sanksiyaların ləğvində maraqıdır. Necə deyərlər, İranı düşdüyü dalandan çıxarmaq, iqtisadi-sosial vəziyyəti yaxşılaşdırmaq istəyir. İran daxilində insan haqlarından tutmuş bir sıra digər məsələlərlə bağlı ciddi problemlər var. Yeni prezident bu məsələlərə əncam çəkmək istəyir. Həmçinin İranda yaşayan soydaşlarımızın öz dilində təhsil almasını istəyir. Belə bir şəraitdə HƏMAS liderinin Tehranda öldürülməsi, Xamneyinin müharibə səlahiyyətlərinin Pezeşkiana verilməsi ilə sanki onu fərqli bir müstəviyə dartmaq, fərqli insana çevirmək niyyəti güdülür. Sanki bununla Pezişkianı müharibə alətinə çevirmək və məsuliyyəti onun üzərinə qoymaq istəyirlər. Bu isə çox təhlükəli tendensiyadır. Düzdür, İranın heysiyyətinə toxunan bir qətl hadisəsi baş verib. Ölkənin paytaxtında dəvət olunan qonaq qətlə yetirilib. Bu, çox açı və ağır bir həmlədir. Təbii ki, İran buna cavab verəcək. Sonra İsrail buna cavab verəcək. Nəticədə bölgədə böyük bir savaş başlaya bilər. Çox güman ki, Haniyənin öldürülməsində məqsəd regionda böyük müharibəni başlatmaq və İranı buna cəlb etməkdir. Xüsusən də bu minvalla prezident Pezeşkiyanın əl-qolunu bağlamaqdır. Çünki İranı elə bir dilemma qarşısında qoyurlar ki, cavab veməyə məcburdur. Cavab verməsə, bu, İrandakı hakimiyyət üçün daxildə yaxşı nəticələnməyəcək. Cavab verəndə isə regionda ciddi müharibə risqi yaranır. Ona görə də İran beynəlxalq hüququn instrumentlərindən istifadə etməlidir. Mütləq bu məsələlərə BMT-də baxılmalıdır. Çünki İran suveren dövlətdir. Yəni beynəlxalq hüquqdan irəli gələn addımlar atılmalıdır. Ancaq istənilən halda ali dini iderin birdən-birə müharibə səlahiyyətlərini prezidentə verməsi doğru deyil. Yeni prezident ölkədə islahat aparmaq istəyir. Hesab edirəm ki, buna şərait yaradılmalıdır. Yoxsa onu müharibəyə sürükləmək doğru qərar deyil”.
Vidadi ORDAHALLI