Avroparlament Macarıstanın Şengen zonasında iştirakının dayandırılmasını istədi
Avropa Parlamenti Budapeştin Rusiya və Belarus da daxil olmaqla, səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirmək qərarından sonra Macarıstanın Şengen zonasında iştirakının dayandırılması üçün Avropa Komissiyasına müraciət edib.
“Politico” nəşri yazır ki, Avropa Parlamentinin Çexiya və Litvadan olan deputatları Danuşe Nerudova və Pyatras Auştryaviçyus Macarıstanın müvafiq qərarının araşdırılması üçün Avropa Komissiyasına məktub göndərib. Məktub müəlliflərinin sözlərinə görə, Budapeştin bu addımı üzv ölkələrin vətəndaşları üçün Şengen zonasının təhlükəsiz məkan rolunu potensial təhlükə altına alır. Deputatların fikrincə, Macarıstan hökuməti öz siyasətini dəyişməsə, Avropa Komissiyası və Avropa İttifaqının bütün üzvləri Budapeştin Şengen zonasındakı mövcudluğunu şübhə altına almalıdır. Məktubda təklif olunan tədbirlər arasında Macarıstan sərhədlərində nəzarətin tətbiqi və bu ölkənin vizalarının tanınmaması da yer alıb.
“Politico” nəşrinin yazdığına görə, sənəddə Belçika və İrlandiyanın sabiq baş nazirləri də daxil olmaqla 70-ə yaxın nüfuzlu siyasətçinin imzası var.
Bir müddət öncə bir sıra Avropa KİV-ləri Macarıstanın bəzi ölkələr, o cümlədən Rusiya və Belarus vətəndaşları üçün viza rejimini yüngülləşdirməyi qərara aldığını yazıb. İyulun 30-da Avropa Komissiyası Macarıstandan bu qərarla bağlı izahat tələb edib. Avqustun 1-də isə Latviya Prezidenti Edqars Rinkeviçs viza güzəştləri səbəbindən Macarıstanın Şengen zonasında iştirakının məhdudlaşdırmasını istəyib.
Qeyd edək ki, Avropa İttifaqının qaydalarına görə, hər bir ölkə miqrasiya siyasətini və onun tətbiqini özü müəyyənləşdirə bilər. Eyni zamanda, Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları ittifaq ərazisinə gəldikdən sonra 27 icma ölkəsinin, həmçinin Norveç və İsveçrənin daxil olduğu Şengen zonasında sərbəst hərəkət etmək imkanına yiyələnir.
ZÜMRÜD