"İdmanımızda yeni tarix yazıldı" - nazirdən paylaşım
"Cüdoçularımız Hidayət Heydərovun (73 kq) və Zelim Kotsoyevin (100 kq) olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı." Bu barədə gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində yazıb. İdmançılarımızın Paris-2024-dəki çıxışına toxunan nazir cüdoçuların dünya və olimpiya çempionu olmalarını da böyük nailiyyət adlandırıb:
"Əsas məqsədi iştirak olan olimpiadada hər ölkənin idmançıları bayrağını yüksəltmək, himnini səsləndirmək üçün mübarizə aparır. Hidayətin və Zelimin son 2 ay ərzində dünya və olimpiya çempionu titulu qazanmaları böyük nailiyyətdir. Bu münasibətlə onları, Azərbaycan Cüdo Federasiyasını, ümumiyyətlə idman ictimaiyyətimizi təbrik edirəm. Daha bir uğur olimpiya oyunlarının cüdo proqramında Azərbaycanın Yaponiyadan sonra ikinci yeri tutmasıdır. Digər növlərdə idmançılarımız olimpiadada çıxışlarını davam etdirir, növbəti qələbələr üçün əzmlə mübarizə aparırlar".
Mətləb Salahov