Bakıdakı məşhur ingilisdilli məktəb sahibindən alındı...
Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi müsadirə edilib, binası isə satışa çıxarılıb. Binanın ilkin satış qiyməti 24.7 milyon manatdır.
Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 27 avqust 2024-cü il tarixdə hərrac keçiriləcək.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, Qeyd edək ki, Bakı Oksford Məktəbi həbsdə olan iş adamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsusdur. R.Məmmədov özü də uzun illər “Baku Steel Company”nin rəhbəri olub. 185 milyon manatlıq yeyintidə təqsirli bilinən Rasim Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.
Cinayət işində qeyd o da edilir ki, Bakı Oksford Məktəbi onun cinayət yolu ilə əldə etdiyi pulla tikilib. Bu səbəbdən məktəbin binası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə edilib.
Xatırladaq ki, bina 2014-cü ildə istifadəyə verilib. Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən imkanlı şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır.
NAMİQ