Hərbçilərimizi öldürmüş termal sulardakı kükürd qazının mənşəyi barədə ekspertlər nə düşünür…
Məlum olduğu kimi, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlu həyatını itirib. Rəsmi məlumata görə, onların zəhərləndiyi ehtimal olunur.
Görəsən, kükürd qazlı termal sularda çimərkən zəhərlənmə, ölüm halı baş verə bilərmi? Bu, hansı hallarda mümkündür?
Adil Qeybulla: “Kükürdlü suda çimərkən həmin maye ağız boşluğuna, nəfəs yoluna daxil olursa çox ciddi problemlər yarada bilər”
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmizdə müxtəlif mənşəli termal sular var. Onların içərisində kükürd daşıyıcı termal sular da var: “Məlumat üçün deyim ki, bu sular yerin təkindən çıxır. Yerin təkində yüksək temperatur olduğu üçün həmin su müəyyən müddət yer səthində isti qalır. Bu səbəbdən də kükürdlü sularda çimmək müəyyən dərəcədə təhlükəlidir. Onu da nəzərə almaq lazımdır ki, kükürdlü suda çimərkən həmin maye ağız boşluğuna, nəfəs yoluna daxil olursa çox ciddi problemlər yarada bilər. Belə olan halda kükürdlü su zəhərlənməyə səbəb ola bilir. Ehtimal edilir ki, həlak olan əsgərlər icazəsiz şəkildə həmin termal suda çimib, həyatları ilə risq ediblər. Əsgərlərin kükürdlü su haqqında məlumatı olmayıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində çoxlu sayda şəhid vermişik. Bu baxımdan vətənimizin keşiyində dayanan əsgərləri qorumaq, onlara diqqət etmək lazımdır: “Hərbi hissələrdə əsgərlərə termal sularla bağlı xəbərdarlıq edilməli, onlara təhlükəsizlik qaydalarına ciddi əməl etmələri başa salınmalıdır”.
Azər Maqsudov: “Kükürd qazlı termal sularda zəhərlənmə mümkün deyil”
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov bildirdi ki, praktikada belə bir hadisə ilə üzləşməyib: “Kükürd qazlı termal sularda zəhərlənmə mümkün deyil. Bu heç ədəbiyyatda da yoxdur. Mən rast gəlməmişəm. Termal sularda o konsentrasiya olmur ki, onun toksik və boğucu təsiri olsun”.
Pərvanə Mustafayeva: “Bu gün çoxlu sayda insan müalicəvi mineral sulardan içir, istifadə edir, elə olsa idi bu vaxta qədər zəhərlənmə hadisəsi çox olardı”
Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kükürdlü su yod-bromdan tamamilə fərqlənir, çünki onun tərkibindəki kükürd güclü antioksidantdır: “Elə həmin xüsusiyyətinə görə ondan orqanizmdə metabolik pozuntularda, sinir sisteminin müxtəlif xəstəliklərində, habelə artroloji və hətta dəri xəstəliklərində müalicə vasitəsi kimi istifadə olunur. Əsgərlərin vəfatı müəmmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün çoxlu sayda insan müalicəvi mineral sulardan içir, istifadə edir. Belə olsa idi bu vaxta qədər zəhərlənmə hadisəsi çox olardı”.
Günel CƏLİLOVA