MSK seçkilərlə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayını açıqladı
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə indiyədək 8825 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 1-də keçirilən iclasında söyləyib.
O bildirib ki, bu müşahidəçilərdən 4622 nəfəri Mərkəzi Seçki Komissiyasında, 4203-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayı isə 94 nəfərdir.
M.Pənahov vurğulayıb ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 5 qurumdan və 23 ölkədən 94 nəfər akkreditə olunub. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 39 nəfər, MDB Parlamentlərarası Assambleyasından 36 nəfər, Müstəqil Dövlətlər Birliyindən 14 nəfər, Maldiv Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından isə 2 nəfər akkreditasiyadan keçib.
ZÜMRÜD