Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunacaq
Avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır. Bu əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub. Ulu öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.
Mədəniyyət Nazirliyindən baki-xeber.com-a məlumatına görə, hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də saat 17:30-da Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək. Mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər.
İradə SARIYEVA