COP29-a görə restoranlar bağlanır...
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb. Tədbirlə əlaqədar Bakıda bəzi məhdudlaşdırıcı addımların atılacağı da açıqlanıb.
Məhdudlaşdırıcı tədbirlər çərçivəsində bəzi ərazilərdə distant təhsilə keçiləcəyi, o cümlədən təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı, hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq edildiyi bildirilir. Bu səbəbdən də COP29 tədbirinin keçiriləcəyi vaxtda şadlıq evlərində toyların keçirilməsi təxirə salınıb.
“Sərin” şadlıq sarayı: “Noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”
"Sərin” şadlıq sarayından “Bakı-Xəbər”ə bildirildi ki, COP 29 tədbiri keçirilən ərəfə üçün heç bir sifariş götürülmür: "Nə toy, nə nişan? Yox, Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyulub. Noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”.
“Venera” şadlıq evi: “Həmin günlərə sifariş götürülmür”
“Venera” şadlıq evi də həmin tarixə sifariş götürmədiyini bildirdi: “Ölkədə vəziyyət başqadır. Həmin günlərə sifariş götürülmür”.
“Ay işığı" restoranı: “Rəsmi qərar verildiyi təqdirdə toylar keçirilməyəcək”
“Ay işığı" restoranında isə deyildi ki, toylar təxirə salınmayacaq: “Rəsmi qərar verildiyi təqdirdə toylar keçirilməyəcək. Hələlik isə belə qərarın olmadığı bildirilib”.
"Kolizey”: “COP29-un keçiriləcəyi vaxtda toylar keçirilməyəcək”
"Kolizey" şadlıq sarayından “Bakı-Xəbər”ə bildirildi ki, COP29-un keçiriləcəyi vaxtda toylar keçirilməyəcək.
Fatimə Hacıbəyli: “Şadlıq evləri, restoranlar, iaşə obyektləri ölkəmiz üçün əhəmiyyətli olan bu günlərdə bəzi qaydalara əməl etməlidir”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, COP-29 tədbiri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək: “İqlim dəyişikliyi hazırda qlobal səviyyədə müzakirə olunan çox vacib bir mövzudur. COP iqlim dəyişikliyi ilə bağlı problemlərin müzakirəsi və iqlim dəyişikliyi nəticəsində yaranan problemlərin qarşısının alınması və ya azaldılması üçün effektiv tədbirlərin uzlaşdırılması üçün ən böyük və ən effektiv platformadır. COP tədbirinin Azərbaycanda keçirilməsi həm də ölkəmizdə iqlimşünaslığın və ümumilikdə elmin inkişafına stimul verəcək, iqlim dəyişikliyi və enerji keçidi problemlərinin həlli ilə bağlı yeni texnologiyaların inkişafına gətirib çıxaracaq”.
Sosioloq bildirdi ki, tədbir zamanı paytaxt Bakıya dünyanın dörd bir yanından qonaqlar gələcək: “COP ümumiyyətlə, dünyanın ən nüfuzlu beynəlxalq konfransıdır. Çox sayda hökumət rəsmiləri, biznes nümayəndələri, nüfuzlu şəxslər bu tədbirdə iştirak edirlər. Ona görə də 2 həftə ərzində ölkənin ciddi tanıtımı baş verəcək. Bunlarla yanaşı, təbii ki, jurnalistlər, blogerlər də noyabrda Azərbaycana gələcəklər. Həmin günlərdə Bakıda toylar keçirilərsə yollarda yaşanacaq nəqliyyat sıxlığını təsəvvvür etmək çətin deyil. COP29-un keçirildiyi vaxtlarda toylar təxirə salınmalıdır. Şadlıq evləri, restoranlar, iaşə obyektləri ölkəmiz üçün əhəmiyyətli olan bu günlərdə bəzi qaydalara əməl etməlidir”.
Günel CƏLİLOVA