Fransada Olimpiya zamanı növbəti təxribat - bu dəfə ölkənin mobil və internet şəbəkəsi hədəf alındı
Parisdə Olimpiya Oyunlarının ilk həftəsində Fransada daha bir “təxribat” hadisəsi qeydə alınıb. Məlumata görə koordinasiya edilmiş bir sıra hücumlar nəticəsində ölkənin bir sıra bölgələrində fiber optik kabellər sıradan çıxarılıb. Naməlum şəxslər ölkənin 6 rayonunda telekommunikasiya operatorlarının kabellərini kəsiblər.
Nəticədə ölkənin SFR, Bouygues Telecom və Free şirkətlərinə məxsus telekommunikasiya qurğuları zərər çəkib. Hadisədən sonra bəzi xidmətlərdə problemlər yaranıb. Qeyd edilir ki, ki, baş verənlər Paris Olimpiya Oyunlarının keçirilməsinə təsir göstərməyib.
Səlahiyyətlilər hələ ki, Fransadakı hücumun arxasında kimin olması ilə bağlı açıqlama verməyib.
Qeyd edilir ki, son 24 saat ərzində ölkə daxilində stasionar şəbəkədə ən azı 76 mobil kəsinti və 482 internet kəsilməsi qeydə alınıb.
Xatırladaq ki, cümə günü səhər saatlarında ölkənin yüksək sürətli dəmir yolu şəbəkəsi hədəf alınıb, Olimpiadanın açılış mərasimindən əvvəl 8 mindən çox insanın gediş-gəlişində problemlər yaranıb.
Daxili işlər naziri Gerald Darmanin bu işlə bağlı bir ifrat sol ekstremistin bazar günü həbs edildiyini açıqlayıb. Bildirilir ki, hələ şəxsiyyəti məlum olmayan adam bazar günü Ruenin cənubundakı Oisseldə polis tərəfindən saxlanıb.
TAHİR