Peskov bunu tuta bilmədi - Qərb Rusiyanı bütün Qafqazdan çıxarmaq istəyir...
Rəşad Bayramov: ”Rusiya da öz alətləri çərçivəsində fəaliyyət göstərəcək”
Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır:
“Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar. Haradasa, yəqin ki, 3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Doğrudan da, bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışır. Nəticədə Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etdi ki, bu sayda dövlətlər birtərəfli mövqe tutduqları üçün çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər”.
Məgər Qərb dövlətlərinin əsas istədikləri Rusiyanın Ermənistandan çıxması deyilmi? O zaman Kreml rəsmisi niyə məhz Qarabağa xüsusi vurğu edir?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya bütövlükdə Amerika Birləşmiş Ştatlarının və Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqaza soxulma cəhdlərini bloklamağa çalışır: “ Eyni zamanda Rusiyanın bu məsələdə beynəlxalq birliyə etiraz etməsi təkcə ədalətin yanında olmaq istəyi ilə bağlı deyil. Əlbəttə ki, Rusiya Ermənistanın Qarabağ məsələsini bəhanə edərək bölgəyə daha çox Qərb casus şəbəkələri gətirmək istədiyini anlayır. Bugünə qədər Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Ermənistan əraziləri Qərb kəşfiyyatına bağlı olan qüvvələr tərəfindən açılmışdı. İndi isə ermənilər bu məsələni bəhanə edərək bölgədə yeni gərginlik yaratmağa çalışırlar. Şimal qonşumuz Ermənistan vasitəsilə ikinci Ukrayna cəbhəsinin açılmasını başa düşür. İkinci cəhbə isə Rusiyanın gələcək fəaliyyətini ciddi təhdid edir. Eyni zamanda Qərb Ermənistanın əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Buna görə də Dmitri Peskov məlum açıqlamanı verib. Bəli, Qərb Rusiyanı yalnız Qarabağdan deyil, bütün Cənubi Qafqazdan çıxarmaq istəyir. Artıq Paşinyanın əli ilə bu layihəyə start verilib. Paşinyan açıq şəkildə KTMT-yə getmir, onun fəaliyyətini boykot edir.
Qərb və Rusiya yalnız Ukrayna münaqişəsində deyil, həm də Cənubi Qafqaz məsələlərində rəqabət aparırlar. Ermənistan-Azərbaycan münaqişəsinin həlli uğrunda rəqabət başlayıb və bu, regionda kimin lider olacağını müəyyən edəcək. Qərb Cənubi Qafqazda Rusiya ilə hər cür əlaqələrdən qəsdən imtina edir, onu regiondan tamamilə çıxarmağa çalışır. Qərbin yaxın vaxtlarda Qarabağda Rusiya sülhməramlıları məsələsi ilə məşğul olmaq istəyi artıq bəllidir. Ciddi mübarizə münaqişə tərəfləri arasında deyil, qlobal oyunçular arasında gedir. Qərb hesab edir ki, Rusiyanın diplomatik cəhətdən kənarlaşması məsələsini həll edib, indi hərbi kontingentləri ilə məşğul olmaq zamanı gəlib. İlk növbədə isə Qərb Qarabağdan sülhməramlıların çıxarılmasına nail olmağa çalışır. Yəqin ki, Rusiya da öz alətləri çərçivəsində fəaliyyət göstərəcək və bu da, qeyd edək ki, manevr üçün kifayət qədər geniş bir məkandır”.
Məhəmmədəli QƏRİBLİ