3 nəfərin 43 min manatını ələ keçirən şəxs saxlandı - DİN vətəndaşlara çağırış etdi...
Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı həmin qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 1978-ci il təvəllüdlü Serqey Karnauxov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, S.Karnauxov “Teleqram” sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib.
Həmin hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28 min, 9 min və 6 min manat olmaqla ümumilikdə 3 vətəndaşa 43 min manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra “Teleqram”da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Bütün bunları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”, - deyə nazirliyin məlumatında qeyd olunur.
ZÜMRÜD