Qarabağda və Zəngəzurda işləyən əcnəbilərin sayı artır…
Akif Nəsirli: “İşğaldan azad olunmuş ərazilərin bərpasında yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də fəaliyyət göstərir”
Qarabağ və Şərqi Zəngəzurda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı məlum olub. İşğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 2903 nəfər etibarlı iş icazəsinə malikdir.
Həmin şəxslər 15 ölkənin vətəndaşlarıdır. Onların sırasında Türkiyə vətəndaşları çoxluq təşkil edir.
“Keyfiyyətli işin ortaya çıxması üçün xarici şirkətlər güvəndikləri mütəxəssisləri Qarabağa dəvət edir, beləliklə…”
Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin sayının artması barədə fikir bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərin bərpasında yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də fəaliyyət göstərir: “Xarici şirkətlərin bir qismi dövlət büdcəsindən maliyyələşən layihələrin icrası ilə məşğuldur. Bir hissəsi isə həmin ərazilərdə könüllü olaraq obyektlərin tikintisi ilə məşğul olur. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına möhtəşəm bir məktəb binası tikib. Həmin məktəbin inşasını Özbəkistan şirkətləri icra edib. Şirkətin işçiləri də özbəklər idi. Bununla yanaşı, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən Uşaq Yaradıcılıq Mərkəzi tikilir. Bu mərkəzin tikintisində də təbii olaraq qazaxlar iştirak edir. Məlumat üçün bildirim ki, türk şirkətlərinin əksəriyyəti büdcədən maliyyələşən layihələri həyata keçirir. Türk şirkətləri də Türkiyədən Qarabağın bərpası üçün mütəxəssislər gətirir. Keyfiyyətli işin ortaya çıxması üçün xarici şirkətlər güvəndikləri mütəxəssisləri Qarabağa dəvət edir. Bu kimi faktlar sayəsində işğaldan azad edilən ərazilərdə çalışan əcnəbilərin sayı artır”.
Həmsöhbətimiz hesab edir ki, Qarabağda işləyən əcnəbilər məsələsinə dövlət tərəfindən diqqət edilməlidir: “Əvəz edilə bilməyən mütəxəssis varsa onlar Qarabağda çalışa bilır. Ancaq onu da nəzərə almaq lazımdır ki, elə peşələr var, o sahədə ölkəmizdə yetərincə mütəxəssis var. Fəhlə, bənna, dülgər, rəngsaz və digər işləri Azərbaycan vətəndaşları icra edə bilər. İşğaldan azad olunmuş ərazilərdə bu məsələ tənzimlənməlidir”.
Günel CƏLİLOVA